27.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Əhməd Cavad adına 2 nömrəli tam orta məktəb 27 sentyabr Anım günü ilə əlaqədar Gəncə Şəhidlər Xiyabanında “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirib. Tədbirdə Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllimi və 4-cü sinif şagirdləri iştirak ediblər. Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda Şəhid olan qəhrəman övladlarımızın məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib. Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Könül Rəşidova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova, kiçik elmi işçisi Dursun Əliyeva və bələdçisi Sevinc Bədəlova məlumat verərək qeyd ediblər ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Biz ərazi bütövlüyümüzü və ədaləti bərpa etdik. Həmin dövrdə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində tarixi Qələbəmizə gətirib çıxartdı. Şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq! Sonda Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri Vətənə və Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.