26.09.2022
26.09.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, regional idarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş imtahan və müsabiqədə yüksək nəticə əldə edərək yeni təyin olunmuş pedaqoji kadrlarla görüş keçirilmişdir.
İdarənin rəisi Vasif Cənnətov yeni təyin olunmuş pedaqoji kadrları təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. O, yeni təyin olunmuş pedaqoji kadrlara, aşkarlıq şəraitində təşkil olunmuş imtahan və müsabiqədən müvəffəqiyyətlə keçdiklərinə görə bir daha səmimi təşəkkürlərini bildirərək qeyd etmişdir ki, zəngin musiqimizin, incəsənətimizin tədrisi, təbliği sahəsində onların üzərinə böyük məsuliyyət düşür. Sonra rəis Vasif Cənnətov yeni təyin olunmuş pedaqoji kadrları maraqlandıran sualları cavablandırmış və bildirmişdir ki, mədəni-maarif müəssisələrimizdə musiqi tədrisi üçün, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi hər zaman öz diqqət və qayğısını əsirgəməyəcəkdir.
Sonda bu maraqlı və səmimi görüş üçün müəllimlər Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova öz təşəkkürlərini bildirmişlər.