Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə “Şuşanamə” kitabının təqdimatı keçirilib

22.09.2022

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi”, Prezident təqaüdçüsü, alim-şair Bayram Ağrıdağın (Apoyev) “Şuşanamə” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin nümayəndələri, şəhər ziyalıları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov çıxışında bildirib ki, Şuşa fatehləri və Qarabağ şəhidlərinə həsr olunan “Şuşanamə” kitabı şəhidlərimizin və müharibə iştirakçılarımızın xatirəsinin daim əbədi saxlanılması üçün atılan addımlardan biridir. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsinin 44 günlük Zəfər tariximizin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Şəhər rəhbəri yazıçı Bayram Apoyevi kitab təqdimatı ilə əlaqədar olaraq təbrik edib, ona yaradıcılığında uğurlar arzulayıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək Bayram Apoyevi bütün mədəniyyət işçiləri adından təbrik edərək, yaradıcılığına uğurlar arzuladı və qeyd etdi ki, "Şuşanamə" kitabı "Şuşa İli"nə verilmiş bir töhfədir.

Çıxış edən qonaqlar yazıçının həyat və yaradıcılığına nəzər salıblar. Bildirilib ki, Bayram Apoyev 100-dən çox elmi-metodik əsərin, 3 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs və tədris vəsaitinin, 12 metodik vəsaitin müəllifidir. Bayram Apoyevin Nizami Gəncəvinin pedaqoji görüşlərinə həsr olunmuş 5 kitabı işıq üzü görüb. “Şuşanamə” isə müəllifin 6-cı kitabıdır. Kitaba müəllifin 1992-2022-ci illər ərzində Vətən, Qarabağ, ölkəmizin mədəniyyət paytaxtı – Şuşa və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən Azərbaycan əsgəri haqqında yazdığı şeirləri daxil edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyəsi və dəstəyi ilə hazırlanmış və nəşrə təqdim edilmiş kitab “Şuşa ili” və Şuşa fatehlərinə ithaf olunub.

Tədbirdə həmçinin, 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri tərəfindən pianoda milli vətənpərvərlik ruhunda olan musiqi parçaları ifa olunub.

Çıxışlardan sonra Niyazi Bayramov müəllifə Gəncə şəhərinin ictimai-mədəni həyatında göstərdiyi səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin “Təşəkkürnamə”si, Vasif Cənnətov mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Gəncə Regional Mədəniyyət İdarəsinin “Təşəkkünamə”sini təqdim ediblər.

Qeyd edək ki, tədbir yazıçı, dramaturq, şair, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi Mir Cəlal Paşayevin Ev Muzeyində gerçəkləşib.

 

81.5 KB

 

44 KB

 

74.1 KB