Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər savaşımızın mərd oğulları” mövzusunda görüş keçirilib

13.09.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı “Zəfər savaşımızın mərd oğulları” mövzusunda II Qararbağ – Vətən müharibəsinin şəhidi Rəşad İlqar oğlu Ələkbərovun anadan olmasının 25 illiyi ilə əlaqədar ailəsi ilə görüş keçirib.

Tədbirdə şəhidin anası Nailə Ələkbərova, döyüş yoldaşları, dostları, iş yoldaşları, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Geroy Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər təşkilatının sədri Bəyanət Qasımov, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli məktəb-liseyinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova bildirib ki, şəhidlik elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Çünki şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu uca və ulu, əbədi zirvəyə yüksələn şəhid Rəşad Ələkbərov kimi oğullarımız onlar üçün müqəddəs olan Vətənin hər qarışı üçün canlarından keçdilər. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır.

Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Geroy Həsənov çıxış edərək qeyd edib ki, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr daim şəhid ailələri ilə görüşlər keçirir, şəhidlərimizin qəhrəmanlıqlarını gənc nəslə daha geniş formada təbliğ etməyə çalışırlar. Şəhidlər heç zaman unudulmur, hər zaman qəlbimizdə yaşayır və yaşayacaqlar. Tək təsəllimiz odur ki, torpaqlarımız işğaldan azad olundu, biz Qələbə qazandıq, şəhidlərimizin qanı yerdə qalmadı.

Şəhid Rəşad Ələkbərovun anası Nailə Ələkbərova oğlu haqqında xatirələrini danışıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər təşkilatının sədri Bəyanət Qasımov, Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli məktəb-liseyinin Təlim – tərbiyə işlədi üzrə direktor müavini Sevinc Abbasova, Şəhid Rəşad Ələkbərovun ibtidai sinif müəllimi Sevil Qasımova, şəhidin döyüş dostları Anar Mamedov, Samir Aşurov, iş yoldaşı Orxan Paşayev, dostu Füzuli Əhmədov şəhid Rəşad Ələkbərov haqqında öz xatirələrini danışıblar.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi İlknur İsgəndərova çıxış edərək şəhidin ailəsinə, dostlarına bu tədbirin təşkilində göstərdikləri köməyə görə öz minnətdarlığını bildirib və qeyd edib ki, hər qarış torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır.

Tədbirdə 44 nömrəli məktəb-liseyinin şagirdləri Vətənə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

 

551.1 KB

 

479 KB

 

456 KB