12.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq kənd Mədəniyyət Evi və Kitabxana filialının birgə təşkilatçılıgı ilə “Poeziyamızın iftixarı” mövzusunda tədbir keçirilib.
Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova bildirib ki, Xurşidbanu Natəvanın 190 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılıb, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılıb. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü eyni zamanda xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
“Xurşidbanu Natəvanın yaradıcılığı” mövzusunda çıxış edən Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova bildirib ki, Xurşidbanu Azərbaycan mədəniyyət tarixində lirik şair və rəssam kimi şöhrət tapıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi dövrümüzə gəlib çatıb. 1870-ci ildən etibarən şair özünə "Natəvan" təxəllüsü götürərək dərin məzmunlu qəzəllər yaradıb. Xurşidbanunun ilhamla qələmə aldığı “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” rədifli qəzəlləri Azərbaycan poeziyasının dəyərli inciləri sırasındadır.
Keçirilmiş tədbirdə Mədəniyyət evinin kollektivləri tərəfindən “Poeziyamızın iftixarı - Xurşidbanu Natəvan” və “Təki inci kimi parlayan Xan qızı” mövzularında çıxış edib, onun şeirlərini bədii qiraət ediblər.
Sonda “Xurşidbanu Natəvan - 190” başlıqlı sərgiyə baxış keçirilib.