09.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 09.09.2022-ci il tarixdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyi münasibəti ilə “Vətən mənafeyi uğruda çalışan” adlı deyirmi masa keçirdi.
Tədbiri filial müdiri Səkinə Hacıyeva açaraq Azərbaycanın bənzərsiz sənət dünyasının qüdrətli ədibi Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcığı haqqında məlumat verdi. Yeniyetmə çağlarından savadsızlığın, dini-fanatizmin cəngində boğulan xalqının gözünü açmaqdan ötrü çox çətin həyat yaşan Yusif Vəzir Azərbaycan Respublikasının yaradılmasında, onun daxili və xarici siyasətinin hazırlanmasında Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə çalışmış, istiqlaliyyətin möhkəmləndirilməsi sahəsində xeyli iş görmüşdür. Görkəmli ədib Azərbaycan mədəniyyətinin gücünə inanır və yazırdı ki, “Azərbaycan mədəniyyəti o qədər qüvvətlidir ki, qonşu ölkələrin xalqlarını da öz təsiri altında saxlayıb və saxlamaqdadır”.
Daha sonra böyük kitabxanaçı Təranə Həsənova qeyd etdi ki, ömrü boyu bədii nəsr sahəsində qələm çalan Yusif Vəzir Çəmənzəminli sənət və ədəbiyyat aləmində həm gözəl tarixi romanlar müəllifi, həm də kiçik hekayələr ustası kimi şöhrət qazanmışdır.
Həmçinin tədbirdə iştirak edən 37 nömrəli məktəbin müəllimi Ağayeva Səidə çıxış edərək bildir ki, böyük yazıçı Azərbaycan realist hekayələrinin ən yaxşı nümunələrini yaradan və onun inkişafında xüsusi mövqe tutan yazıçılarımızdandır. Yusif Vəzir Çəmənzəminlinin adı bu gün də, sabah da xalqın yaddaşına işıq kimi saçılacaq, gələcək neçə-neçə nəsillərin sevimli yazıçısı olaraq qalacaqdır.