23.05.2018
23.05.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsi 27 saylı məktəb-litseydə Azərbaycanın Milli Qəhrəmanı Yusif Vəli oğlu Mirzəyevin anadan olmasının 60 illiyi ilə bağlı “El igidləri ilə tanınar” başlıqlı söhbət keçirdi.
Şöbənin müdiri Ellada Rəhimov bildirdi ki, Azərbaycan xalqı həmişə sülhsevər xalq olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kimsəyə təcavüz etməmişdir. Xalqımız yalnız öz torpaqlarını qorumuş, onun uğrunda canını belə qurban verməkdən çəkinməmişdir. Xalqımızın içərisindən hər zaman yüzlərlə,minlərlə qəhrəman igid oğullar, kişi qeyrətli qadınlar çıxmış Azərbaycanı düşmənə baş əyməyə qoymamışlar. Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adıdır. Bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
Belə ada layiq görülmüş qəhrəmanlardan biri də Mirzəyev Yusif Vəli oğludur. 1991-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Goranboy və Ağdərə istiqamətlərində rəşadətlə vuruşmuşdur. Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olmuşdur. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olmuşdur. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.
Ellada xanım bildirdi ki, belə qəhrəmanlar heç vaxt ölmür. Onlar hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və qan yaddaşımıza həmişəlik həkk olaraq qalırlar.