31.08.2022
30.08.2022ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "Narkomaniyyaya yox deyək" adlı dəyirmi masa keçirildi.
Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Bağırova Şəbnəm tədbir iştirakçılarını salamladı və bildirdi ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır.Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan, genofondumuza sarsıdıcı, ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya “YOX” deyək. Öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq. Bu bəlaya düçar olmuş və ondan əziyyət çəkən vətəndaşlarımızı isə cəmiyyətdən təcrid etməyək, əksinə onlara öz yardım əlimizi uzadaq.
Daha sonra tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışdılar.