31.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 30.08.2022-ci il tarixində “Tap tapmaca, gül yapmaca” başlığı altında tapmaca saatı keçirildi. Tədbiri aparan uşaq şöbəsinin böyük kitabxanaçısı Aytən Əliyeva əvvəlcə tapmacaların yaranma tarixindən ətraflı məlumat verdi. Bildirdi ki, tapmaca Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və maraqlı janrlarından biridir. Bu janr uzun əsrlərdən bəri nəsildən-nəslə, ağızdan-ağza keçərək müxtəlif dəyişikliklərə uğramış, bəzən forma və məzmununu dəyişdirmiş, yeni məna, məzmun kəsb edərək bu günə qədər gəlib çıxmışdır. Sonra qeyd etdi ki, tapmacaların mövzuları çox müxtəlifdir. Belə ki, tapmacalarda insanların cəmiyyət haqqındakı fikirləri, həyat təcrübəsi, təbiət üzərindəki müşahidələri, təsərrüfat, məişət məsələləri və s. bədii formada, obrazlı şəkildə ifadə edilmişdir.Keçirilən tapmaca saatında uşaqlara şöbənin fondunda olan Gülzar İbrahimovaya aid “Tapmacalar” kitabından və proyektr vasitəsi ilə müxtəlif mövzulardan bəhs edən tapmacalar təqdim olundu. İştirakçılar tapmacaları böyük maraq və həvəslə cavablandırdılar. Sonda fəal iştirak edən uşaqlara hədiyyələr təqdim olundu.