20.08.2022
19 avqust 2022-ci ildə Gəncə şəhər Mərkəzi kitabxanada, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsi, Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın xalq şairi, İstiqlal ordenli Mirvarid Dilbazinin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbir tarixi torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad etmə mərasimi ilə başladı.
Dəyərli qonaqları və iştirakçılarını salamlayan Fəridə Qədimova tədbirin mövzusu haqqında qısaca giriş edərək sözü "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü xanım Tomarlıya verdi. Güllü xanım unudulmaz yazıçımız Mirvarid Dilbazinin həyat və yaradıcılığından danışdı, şeirlərindən nümunələr söylədi.
AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Mirvarid Dilbazi ilə görüşlərindən, onun ədəbi fəaliyyətindən bəhs edərək, bu kimi tədbirlərin keçirilməsinin, klassiklərimizin gələcək nəsillərə çatdırılmasına bir örnək olduğunu dedi.
AYB və AJB nin üzvü, yazıçı-publisist Qərib Mehdi, yazıçı-publisist, dramaturq, ictimai xadim Nüşabə Məmmədli, ATU-nun dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, ədəbi əsərlər müəllifi Nağdəli Zamanov, şair Səadət Buta, GDU-nin dosenti, əməkdar pedaqoq Bayram Apoyev, AMEA Gəncə bölməsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, pedaqoq, şair Salman Balakişiyev, AMEA Gəncə bölməsinin əməkdaşı Zakir Muradov, "Gəncənin səsi" qəzetinin baş redaktoru, yazıçı Rəfiqə Sadıqova, şair, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli, "Novosti Gandji" qəzetinin müxbiri Fatma Cəfərova, Dədə Ələsgərin nəticəsi Firuzə Ələsgərova, şair Səringül Sadə, QHT sədri Arzu Əliyeva, Vüsal Sehranoğlu, Nur Ocağı və b. Mirvarid Dilbazi poeziyasına baş vuraraq onun böyük türk şairi kimi xarakterik xüsusiyyətlərindən bəhs etdilər, Mirvarid Dilbazi poeziyasından, ona həsr olunmuş şerlərindən səsləndirdilər. Təbrizli qonağımız müğənni Arif Mehmandost özünün bəstələdiyi mahnını ərməğan etdi.
Tədbirdə hörmətli Nağdəli Zamanov öz kitablarını, Güllü Tomarlı şair-sosioloq Əhməd Qəşəmoğlunun və Mirvarid Dilbazinin latın qrafikası ilə çap olunmuş kitablarını Gəncə Mərkəzi kitabxanasına hədiyyə etdilər.
Sonda Güllü Tomarlı və Fəridə Qədimova bu gözəl yubiley tədbirinin maraqlı keçdiyi üçün bütün çıxışçılara,iştirakçı və təşkilatçılara öz təşəkkürlərini bildirdilər .