25.05.2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq saylı Sərəncamının icrası ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə 1918-ci ildə Şərqdə ilk müstəqil müsəlman dövlətinin – Azərbaycan Xalq Cumhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə silsilə tədbirlər keçirilir.
“Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən tədbirlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cümhuriyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbir “Azərbaycan Xaql Cümhuriyyəti Muzeyi”ndə davam edib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə müasir tələblər səviyyəsində yenidən qurulan muzeyə baxış keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər Heydər Əliyev park-kompleksində davam edib. Buradakı Amfiteatrda xüsusi senari əsasında hazırlanmış, teatrlaşdırılmış kütləvi mərasim təşkil edilib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan teatrlaşdırılmış mərasimdə AXC-nin 23 aylıq fəaliyyət dövrünə nəzər salınıb, həmin illərdə yaşanan tarixi hadisələr xronoloji ardıcıllıqla tamaşaçılara təqdim olunub. AXC-nin ordu quruculuğu, 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusunun fəaliyyəti ön plana çəkilib. Rəmzi olaraq Nuru paşa, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məhəmməd Qasım bəy kimi şəxsiyyətlər Türkiyə, Azərbaycan və AXC-nin döyüş bayraqlarının müşayəti ilə səhnəyə daxil olublar.
2 saatdan artıq davam edən teatrlaşdırılmış mərasimdə milli rəqslər və müxtəlif ifalar da tamaşaçılara təqdim olunub.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, müasir Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və ulu öndərin də dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir, əbədidir!