03.08.2022
Mir Cəlal Paşayev Ev Muzeyi Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 03.08.2022-ci il tarixində "Azərbaycanın baş tacı Şuşa" başlığı altında tədbir keçirtdi.
Tədbirdə yazıçı, publisist, dramaturq Nüşabə Əsəd Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin məsləhətçisi Aləmzər Əlizadə, Mərkəzi Kitabxana Sisteminin əməkdaşları və muzeyin kollektivi iştirak edirdi.
Tədbir Şəhidlərin müqəddəs ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı. Mir Cəlal Paşayev Ev Muzeyinin Elmi işçisi Bağırova Səadət Şuşanın tarixindən danışaraq bildirdi ki, bu əzəmətli şəhər 1752-ci ildə PənahəliXan tərəfindən əsası qoyulmuş və dəniz səviyyəsindən 1403 metr yüksəklikdə yerləşir. Havası, suyunun təmizliyi baxımından dünyada kurort şəhəri kimi tanınmışdır. Mənfur düşmənlər işğal etdikdən sonra şəhəri tanınmaz hala salmışdı. 30 illik bir dağıntının bərpası Ali Baş Komandanımız , möhtərəm prezidentimiz İlham Əliyevin əvəzsiz səyi nəticəsində yenidən bərpa olunaraq əvvəlki gözəlliyinə qaytarılır.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin məsləhətçisi Aləmzər Əlizadə və Nüşabə Əsəd Məmmədli Şuşa haqqında öz xatirələrini danışıb, II Qarabağ müharibəsinin zəfərinə ürəkdən sevindiklərini bildirdilər. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Gulafət Bayramova, Mələk İsmayıl və Almaz Şuşaya aid şeirlər səsləndirdi. II Qarabağ müharibəsinin iştirakçısı, qazi , İsrafil Məmmədov Ev Muzeyinin direktoru Nəimi Mustafayev müharibədə yaşadıqları, gördükləri haqqında danışıb, bu günkü sevincimizə kədərli yollarla gəldiyimizi dedi.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin muğam üçlüyü və solist Zəminə Nuriyeva xalq mahnıları ilə tədbirə rəng qatdı.
Sonda muzeyin direktoru İradə İbayeva 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir mövzusunda çıxış edərək, bütün tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.