01.08.2022
Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9№li kitabxana filialının 01.08.2022-ci il tarixdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə “Dövlət müstəqilliyimizin başlıca rəmzləri” adlı tədbir keçirtdi.
Filialın böyük kitabxanaçısı Təranə Həsənova tədbiri açaraq bildirdi ki, dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Dil ədəbiyyatla, mədəniyyətlə bağlıdır. Ana dilimizə sevgi və hörmətlə yanaşmalıyıq çünki Azərbaycan dili, Azərbaycan əlifbası hər birimizi doğmalaşdıran dövlət müstəqilliyimizin başlıca rəmzləri və atributlarıdır.
Sonra 30 nömrəli Körpələr Evi Uşaq bağçasının müəllimi Nurizəliyeva Cəmilə çıxış etdi. Məktəbəqədər yaşlı uşaqların vətənə məhəbbət ruhunda tərbiyə edilməsinin olduqca mühüm və zəruri olduğunu, doğma vətəninə bağlılıq, ana dilinə, mənsub olduğu xalqa vurğunluq, dilini, xalqını, həmvətənlərini sevmək tərbiyəsinin kiçik yaşlardan başlandığını qeyd etdi. Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsi olduğunu bildirdi.
Həmçinin 9 saylı kitabxana filialının filial müdiri Səkinə Hacıyeva da çıxış edərək, Azərbaycan xalqının müxtəlif dövrlərdə öz müstəqilliyi uğurunda apardığı mübarizədə dil siyasətinə necə təsir etməyindən danışdı.Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün necə ehtiram, rəğbət və vətəndaşlıq qüruru kimi qeyd edildiyini bildirdi. Daha sonra gənclərdə ana dilinə sevgi və hörmət hissini artırmaq üçün latın qrafikalı əlifba ilə yazılan kitablar haqqında məlumat verdi.