01.08.2022
Azərbaycanda II Milli Yaylaq Festivalı keçirilir. Milli-mənəvi dəyərlərimizin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən II Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov, Millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Mərasimində qonaqları simvolik olaraq Dədə Qorqud (Respublikanın Əməkdar artisti Salamulla İsmayılov) qarşılayıb, söz söyləyib, xeyir-dua verib. Sonra nağaraçılar və igidlərin “Qılınc” rəqsi nümayiş olunub.
Qonaqlar etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.
Festivalda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı (solistlər Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Tural Abdullayev, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Rövşən Məmmədov, Xəyal Əliyev, Zəminə Nuriyeva), "Xəmsə" uşaq rəqs ansamblı, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Gəncə qönçələri" və "Xəmsə" nağaraçalanlar ansamblı, Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin "Gəncə" vokal triosu, Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin "Kilimarası maral oyunu", "Zurnaçılar" ansamblı və "Aşıqlar" ansamblının çıxışları, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin rəsm sərgiləri nümayiş etdirilmişdir.
Qeyd edək ki, İkinci Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Azərbaycan Dövlət Televiziyası, AZƏRTAC və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilir