21.05.2018
Gəncədəki “LİBRAF” kitab mağazasında araşdırmaçı-jurnalist Dilqəm Əhmədin “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitablarının imza günü keçirilib. İmza günündə müəllifin “Cümhuriyyət kollkesiyası” ilə əyani şəkildə tanış olmaq imkanı da yaradılıb.
2015-ci ildə nəşr olunan “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatları haqqında unikal materiallar toplanıb. Kitabda M.Ə.Rəsulzadənin nadir fotoşəkil və məktubu, M.Ş.Vazeh, M.F.Axundzadə, İ.Qutqaşınlı, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ə.A.Gültəkin, Ə.Topçubaşov kimi görkəmli insanlar barədə maraqlı faktlar yer alır.
2017-ci ildə işıq üzü görən “Mühacirlərin dönüşü” kitabında isə AXC və mühacirət tarixinə aid 50-yə yaxın yeni material toplanıb. Burada oxuculara M.Ə.Rəsulzadənin əlavə 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, visit kartları və portretinin təsviri təqdim olunub. Bunlarla yanaşı qeyd olunan nəşrdə ilk dəfə olaraq bir çox yazar və şairlərin həyatına dair foto və məlumatlar yayımlanıb.
Hər iki kitabda yer alan materiallar müəllifin şəxsi arxivindəndir. Sözügedən nəşrlər 2016-2017-ci illərdə ən çox satılan kitablar siyahısında yer alıblar. Azərbaycan mühacirət tarixini tədqiq edən Dilqəm Əhməd 4 ilə yaxındır ki, Türkiyədə bu istiqamətdə araşdırmalar aparır. Həmin dövrə aid müxtəlif foto və sənədlər toplayan Dilqım Əhməd mühacirlərin ailə üzvləri ilə də əlaqələr qurub.
İmza günündə müəllifin “Cümhuriyyət kollkesiyası” ilə əyani şəkildə tanış olmaq imkanı da yaradılıb. Burada AXC dövrünə aid orijinal şəkillər, kitab və jurnallar, o dövrün mətbu orqanı olan “Azərbaycan” qəzetinin bir nüsxəsi, məktublar və bir sıra digər materiallar nümayiş olunub.