21.07.2022
21 iyul 2022-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin və Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Müstəqil Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunun vitse konsulu Özkan Büktel, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru Arif Marifli, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Geroy Həsənov, media nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə təzə-tər güllər düzülüb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı İlknur İsgəndərova milli mətbuat gününün tarixi haqqında məlumat verib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət başçımızın qarşıya qoyduğu prioritet vəzifələrdəndən olmasından bəhs edib. Şəhər rəhbəri media nümayəndələrini səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında mədəniyyət sahəsinin media ilə sıx bağlı olmasından bəhs edib. O, gələcək işlərində media nümayəndələrinə müvəffəqiyyətlər arzulayıb. I və II Qarabağ müharibəsində Şəhid olan jurnalistlərimizə Allahdan rəhmət diləyib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov öz çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev daim mətbuat vasitələrinin rəhbərləri ilə görüşür, onların problemləri ilə maraqlanır, mətbuatın inkişafına əngəl törədə biləcək istənilən maneənin aradan qaldırılmasına nail olurdu. Təsadüfi deyil ki, Heydər Əliyev həm Azərbaycanda, həm də xaricdə dəfələrlə “mətbuatın himayədarı”, “jurnalistlərin dostu” və başqa fəxri adlara layiq görülmüşdür. Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunun vitse konsulu Özkan Büktel öz çıxışında media əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və uğurlar diləyib.
“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, ”Novosti Gyandji” qəzetinin baş redaktoru İrina Kalaşnikova, AzTV-nin bölgə müxbiri Xaliq Qurbanlı, Kəpəz Müstəqil Teleradio Şirkətinin xəbərlər departamentinin xüsusi müxbiri Elnur Rzayev və jurnalist Sənubər Qocayeva öz çıxışlarında qeyd ediblər ki, Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər
Tədbirdə 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Gülcan Qasımovanın, Aişə Cəfərovanın və Gəncə Dövlət Filarmoniyasının solisti Cəfərov Rüstəmin ifasında musiqi nömrələri səslənib. Sonda təltifetmə mərasimi keçirilib və media nümayəndələrinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulanıb.