21.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 20.07.2022-ci il tarixində Nizami Gəncəvinin 881 illiyi ilə əlaqədar “Dünya ədəbiyyatının təkrarsız dühası” başlığı altında sərgi keçirdi.Tədbiri 1 saylı filialın kitabxanaçısı İlhamə Əliyeva açaraq qeyd etdi ki, Nizami Gəncəvi, 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliyə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. O, 1209-cu ildə Gəncədə də vəfat etmişdir. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır. Daha sonra İlhamə Əliyeva kitabxanada təşkil olunmuş sərgi ilə iştirakçıları tanış etdi. Sərgidə dahi şairin əsərləri, həyat və yaradıcılığı haqqında olan materiallar və başqa dillərdə çap olunmuş nəşrlər nümayiş edilmişdir. Sərginin təşkilində məqsəd Nizaminin söz dünyasını oxucularımıza çatdırmaqdır. İştirakçılar tədbirdən xoş təəssüratlarla ayrıldılar.Sərgi ilin sonunadək davam edəcəkdir.