16.05.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı kitabxana filialında 16 may 2018-ci ildə Laçın rayonunun işğalı ilə əlaqədar “Yaralı yurdun harayı” başlığı altında anım günü keçirildi.
Tədbirdə 28 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Filialın müdiri Lyudmila Axundova laçın rayonunun işğalı zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. O,qeyd etdi ki,hər xalqın tarixində və taleyində çətin, keşməkeşli və ağır günlər olur. Xüsusən həm Azərbaycan kimi təbii sərvətlərə, həm də geostrateji əhəmiyyətə malik olan xalqlar daha ağır talelər yaşayır. Tarixin istənilən dönəminə qısaca nəzər salmaq kifayətdir ki,Azərbaycanın yadellilər tərəfindən hücumlara məruz qalmasının şahidi olasan. Tarixi keçmişi çox qədimlərə dayanan Laçın rayonu da 1992-ci il may ayının 18-də belə məkrli və bədxah qonşularımız tərəfindən talan edilib.
Sonra 28 saylı orta məktəbin tarix müəlliməsi Bağırova Kübra çıxış edərək bildirdi ki, bu gün Laçın rayonunun işğalından 26 il ötür. Kübra xanım, gənclərimizə tövsiyə etdi ki,həmişə ayıq olsunlar , bizlərin və Vətənimizin keşiyində Milli Qəhrəmanlarımız kimi durmağı bacarsınlar. Hər birimiz Ümummilli liderimiz heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycanımızı qorumaq üçün Azərbaycan prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və sərəncamlarını yerinə yetirməyə və bu yolda canımızdan belə keçməyə həmişə hazır olmalıyıq. Təki Vətən yaşasın!
Tədbirə 28 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuri Jalənin söylədiyi bu şeirlə yekun vuruldu.
Tale qıydı Qarabağa, Qubadlıya, Zəngilana
Kəlbəcərə, Ağdərəyə, Cəbrayıla, Füzuliyə
İnildəyir , sızıldayır Laçınım da tapdaq altda
Zaman bir də salmayacaq Vətən dərdi.