30.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 29.06.22-ci il tarixində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünün və bilik dairəsinin genişlənməsi məqsədilə “Yay tətilini kitablarla keçirək” başlığı altında mütaliə günü təşkil etdi. Şöbənin kitabxanaçısı Nərmin Qasımova iştirakçılara mütaliənin insan həyatındakı mühüm rolundan söhbət açaraq bildirdi ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən biri olan kitablar açır. Mütaliə insanın şəxsiyyət kimi formalaşmasında, onun əqli, zehni, əxlaqi və estetik zövqünün inkişafında əvəzsiz rol oynayır. Mütaliə insanın hərtərəfli inkişafına onun mədəni səviyyəsinin və biliyinin artmasına, söz ehtiyatının zənginləşməsinə kömək edir. Iştirakçılar kitabxananın fondunda olan müxtəlif mövzularda olan bədii ədəbiyyatla, ensiklopediyalarla, səsli nağıllar və jurnallarla tanış oldular.Kitabxanaçı Nərmin Qasımova uşaqlara kitablar haqqında məlumat verərək, onlara dünya ədəbiyyatı nümünələri ilə yanaşı,əsas Azərbaycan ədəbiyyatını, Qarabağın tarixini, milli-mənəvi dəyərlərimizdən bəhs edən kitabları mütaliə etməyi tövsiyə etdi. Maraqlı keçən mütaliə gününün sonunda kitabxanaya yeni oxucular cəlb olundu.