29.06.2022
29.06.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin 11 saylı kitabxana filialında Yazıçı, dramaturq, ictimaii xadim, Mirzə Fətəli Axundovun anadan olmasının 210 illiyi ilə əlaqədar “Azərbaycan dramaturgiyasının banisi” başlıqlı söhbət keçirildi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq Mirzə Fətəli Axundov haqqında məlumat verdi. 19-cu əsr Şərqin Qərblə, azadlığın əsarətlə mübarizə apardığı bir dövr idi. Bu dövrün Azərbaycan və ətraf regiona verdiyi ən böyük hədiyyələrdən biri isə Mirzə Fətəli Axundzadə oldu. Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxa şəhərində doğulub. 22 yaşından ömrünün sonuna qədər yaşadığı Tiflis şəhərinə üz tutana qədər erkən yaşlarını və yeniyetməliyini bir neçə şəhərdə keçirib. Gəncədə olarkən Mirzə Şəfi Vazehdən xəttatlıq dərsləri alır, Tiflisdə işləyərkən öz rəsmi məşğuliyyətindən əlavə məktəbdə dərs deyir, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı ilə tanış olur, Qasım bəy Zakirin sürgündən qayıtmasına kömək edir. Aleksandr Bestujev-Marlinskidən rus ədəbiyyatını öyrənir, qarşılığında isə ona Azərbaycan dilini öyrədir. Beləliklə ədəbi fəaliyyətə başlayan Axundzadə 1850-ci ildən başlayaraq satirik komediyalar yazır. Teatrlar üçün düşünülmüş bu əsərlər Azərbaycan tarixindəki ilk dramaturgiya nümunələri sayılır.
Daha sonra Gəncə Dövlət Rəsm Qalereyasının bələdcisi Sevinc Məhərrəmova çıxış edərək bildirdi ki, Axundzadə dostu Zərdabinin “Əkinçi” qəzetinə “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr göndərir. Həmin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsəri Peterburqda, “Xırs Quldurbasan” və “Hekayəti Vəziri-xani-Lənkəran” əsərləri isə Tbilisidə səhnəyə qoyulur. Beləliklə, Azərbaycan dramaturgiyasının 170 illik hekayəsi başlayır. Mirzə Fətəli Axundzadə öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. Bütün həyatını xalqının tərəqqisinə həsr edən Mirzə Fətəli Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi Mirzə Şəfi. Vazehin qəbri yanında dəfn olunmuşdur.
Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları və kitabxananın fəal oxucuları iştirak etdi.