28.06.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 27.06.22-ci ildə Azərbaycanın görkəmli şairlərindən Nigar Rəfibəylinin “Bir cüt xurma ağacı” kitabının təqdimatını keçirtdi. Tədbiri aparan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva bildirdi ki, Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb yaratdığı və sevilə-sevilə oxunan şeirləri vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bununla yanaşı, onun yaradıcılığında milli uşaq ədəbiyyatımızı zənginləşdirən, uşaq şeirlərindən ibarət 4 kitabı var. Sonra qeyd etdi ki, şöbənin fondunda olan Nigar Rəfibəylinin uşaq şeirlərindən ibarət “Bir cüt xurma ağacı” kitabı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Bakıda “Renessans-A” Nəşriyyat Evində 2017 –ci ildə, 12 səhifədən ibarət, rəngli fotoşəkillərlə nəşr olunmuşdur.
Sonda uşaqlar kitabdan “Bir cüt xurma ağacı”, “Daşkəsən”, “Qu quşu”, “Kəklik otu” və s. şeirlərini oxudular.