Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Güclü Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin əsas təminatçısıdır” mövzusunda tədbir keçirilib

24.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 №-li məktəblə birlikdə “Güclü Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin əsas təminatçısıdır” mövzusunda tədbir keçirdi.

Heydər Əliyev Mərkəzinin bələdçisi Sevinc Bədəlova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi.

Tədbirdən əvvəl Azərbaycanın azadlığı, bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir.

Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin tarix müəllimi Vəfa Hacıyeva, Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Sevinc Bədəlova çıxış edərək qeyd etdilər ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.

Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş dahi rəhbər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.

Dahi şəxsiyyətin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer alması və Vətən müharibəsindəki qazanılmış parlaq Qələbəsində biz bunun şahidi olduq.

 

203.5 KB