24.06.2022
23.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux Şəhər kitabxana filialında 26 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar "Narkomaniyaya yox deyək" adlı dəyirmi masa keçirdi. Tədbirdə Samux Şəhər kitabxana filialının əməkdaşları, Samux Şəhər Mədəniyyət evinin əməkdaşları, Samux Şəhər sakinləri iştirak etdi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Bahar Gözəlova açaraq çıxışında söylədi ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.Samux Şəhər kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Samirə Ələkbərova çıxışında qeyd etdi ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər. Tədbirin gedişində söz alan Samux şəhər sakini Faiq Məmmədov çıxışında qeyd etdi ki, Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. İnanırıq ki, dövlətimizində narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.