24.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 № - li kitabxana filialı 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar “Zəfər bayrağını sizlər gətirdiz” mövzusunda şeir saatı keçirdi.
Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2 № - li tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, 104 il əvvəl yaranan və bu gün fəxrlə qeyd etdiyimiz əlamətdar günlərdən biri 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələrinin müasir dövrdə də qorunub saxlanılması və inkişaf etdirilməsi Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Gəncə şəhər Əhməd Cavad adına 2 № - li tam orta məktəbin müəllimləri Humay Məmmədli və Gülçin Əhmədova çıxış edərək bildirdilər ki, bu gün müstəqil dövlətimizin əsas atributlarından biri olan ordumuzun bayramıdır. O ordunun ki, 44 günlük haqq savaşımızda elə bir gün olmamışdır ki, geri çəkilsin. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran günlər və anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı. Qətiyyətli Ali Baş Komandanın rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımız azad olundu.
Sonda Gəncə şəhər Əhməd Cavad adına 2 № - li tam orta məktəbin şagirdləri Azərbaycan Ordusuna, Vətənə həsr olunmuş seirlər söylədilər.