23.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı kitabxananın fəal oxucuları ilə birgə 22.06.2022-ci il tarixində Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq mübarizə günü ilə əlaqədar “Ağ ölümə son deyək” adlı söhbət keçirdi . Tədbirdə Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə öz çıxışında bildirdi ki, insan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir Daha sonra çıxış üçün kitabxanananın oxucusu Seyidlər kənd tam orta məktəbin müəllimi Kazımova Solmaza söz verildi. O qeyd etdi ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Sonda Seyidlər kənd kitabxanasının oxucusu Həsənov Diyar bildirdi ki,bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür.