Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan Beynəlxalq Olimpiya Gününü uğurları ilə qeyd edir” mövzusunda tədbir keçirilib

23.06.2022

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan Beynəlxalq Olimpiya Gününü uğurları ilə qeyd edir” mövzusunda tədbir keçirildi.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 23 iyun Beynəlxalq Olimpiya Günü münasibətilə “Azərbaycan Beynəlxalq Olimpiya Gününü uğurları ilə qeyd edir” mövzusunda tədbir keçirilib. Tədbirdə idmançılar, Gəncə şəhər 13 nömrəli tam orta məktəbin müəllimləri, şagirdləri, 2 saylı Gəncə Regional ASAN Xidmətin könüllüləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru Arif Marifli tədbir iştirakçılarını Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından salamlayıb, idmançıları təbrik edib. Mərkəzin direktoru Arif Marifli “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda çıxış edib. Tədbirin aparıcısı Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi İlknur İsgəndərova Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin tarixi haqqında məlumat verib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə idmançılarının qazandığı uğurlardan bəhs edib. O öz çıxışında qeyd edib ki, Azərbaycanda idmana göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, Göygöl Olimpiya İdman Kompleksinin meneceri Müzadil Həsənov çıxışında bildirib ki, tarix boyu Azərbaycan xalqının həyatında idmanın özünə məxsus, böyük yeri olmuşdur. İdman dünyanın çox sayda sakini üçün həyat tərzinin ayrılmaz hissəsidir. Ölkəmizdə idmana dövlət qayğısı günü-gündən artır. Bizdə dövlətimizin idmana göstərdiyi bu qayğıdan yararlanıb böyük nailiyyətlər, idman uğurları əldə etməyə çalışmalıyıq.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri, birinci dərəcəli hakim Vüqar Xəlilov, əməkdar məşqçi fəlsəfə doktoru Natiq Əliyev, Xəmsə Taekvondo klubun rəhbəri İmran Zalov, Avropa çempionatının gümüş mükafatçısı, Tokyo paralimpiya iştirakçısı İmaməddin Xəlilov, Azərbaycan Avrasiya Aikido və Budo mərkəzinin Gəncə Regional şöbəsinin rəhbəri Ramin Yusifov və Kombat Ciu-Citsu üzrə dünya çempionu Fidan Yusifova öz çıxışlarında qeyd ediblər ki, uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir. Azərbaycanlı uşaqların həyatı idmana sıx bağlıdır. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. Çıxışçılar həmçinin idman sahəsində qazandıqları uğurlardan danışıblar.

Gəncə şəhər 13 nömrəli tam orta məktəbin tərbiyə işləri direktor müavini Rasim Alıyev, 2 saylı Gəncə Regional ASAN Xidmətin könüllüsü Səbinə Mövsumova çıxış edərək idmançılarımıza uğurlar arzulayıb. Sonda tədbir iştirakçıları vurğulayıblar ki, yarışlara yüksək səviyyədə hazırlaşan gəncəli idmançılar sözsüz ki, hələ çox qələbələrə fəxrlə imza atacaq, doğma Vətənimizi şəhərimizi dünya birinciliklərində şərəflə təmsil edəcəklər.

 

140.6 KB

 

333.4 KB