Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirilmişdir.

20.06.2022

17 iyun 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdindəki “Urban” Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Milli İncəsənət Muzeyi və İsveçin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirilmişdir. Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanmışdır. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir.

Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək İşveçin Azərbaycandakı səfiri Kristiyan Kamili və bütün iştirakçıları salamladı. O, bu sərginin Gəncə şəhərində keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Gəncə şəhər İcra Hakimiyyətinə, İsveçin Azərbaycandakı Səfirliyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə öz təşəkkürü bildirdi və qeyd etdi ki, belə tədbirlərin keçirilməsi mədəni əlaqələrin qurulmasında böyük təkandı.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimov şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından salamladı və səfir Kristiyan Kamilə Gəncə şəhərində belə sərginin təşkil etdikləri üçün təşəkkürü bildirdi.

İsveçin Azərbaycandakı səfiri Kristiyan Kamil Gəncə şəhərində xoş qarşılandığı üçün öz təşəkkürü bildirmiş və sərgi haqqında məlumat vermişdir.

Sərginin kuratoru, Azərbaycan Milli İncəsənət Muzeyinin nümayəndəsi Könül Rəfiyeva sərgi haqqında ətraflı məlumat vermişdir.

Sərgidə həmçinin isveçli fotoqraf Elizabet Tolun Azərbaycana səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş olunur. Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib.

Məlumat üçün bildirək ki, “Dayanıqlı moda:tekstilin gələcəyi” sərgisi 17 iyun – 17 iyul 2022-ci il tarixlərində Gəncə şəhəri Dövlət Filarmoniyasının nəzdindəki “Urban” Mərkəzində ziyarətçilər üçün açıqdır. Giriş sərbəstdir.

 

86.7 KB

 

46.6 KB