16.06.2022
15 iyun 2022-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Pianoçular festivalı” keçirildi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, millət vəkili Müşfiq Cəfərov, YAP-nın Gəncə şəhər Təşkilatının sədr müavini Nurəddin İbrahimov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolos İaşvili, ADAU-nin rektoru İbrahim Cəfərov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsinin müdiri Həsən Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru Arif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və abidənin önünə təzə-tər çiçəklər düzülmüşdür.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin aparıcısı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri olan 15 İyun – Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verdi.
Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Gəncə Dövlət Universitetinin dissertantı Aynur Şixiyeva “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda çıxış etdi. Tədbirdə Milli Qurtuluş Günü ilə bağlı video slayd nümayiş olundu.
Festivalda Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq Musiqi Məktəblərinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, Azərbaycan Respublikasının Əməkdar artisti Kəmalə Tağızadənin və Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərovanın, gənc pianoçu Mürsəl Əsgərzadənin ifasında musiqi nömrələri səsləndirildi.
Festivalın sonunda iştirak edən müəllim və şagirdlər fəxri fərmanlarla təltif edildilər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.