13.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı 13.06.2022-ci il tarixində Azərbaycanın Xalq şairi Hüseyn Arifin anadan olması gününə həsr olunmuş “ Elə bağlı sənətkar” adlı ədəbi-bədii gecə keçirdi. Tədbiri açan filialın müdiri Firuzə Yunusova öz çıxışında qeyd etdi ki, müasir Azərbaycan poeziyasında özünəməxsus yeri və mövqeyi olan bənzərsiz şairlərdən biri də Hüseyn Arifdir. Onun səmimi, canlı dili ilə seçilən əsərlərində həyatın, təbiətin nəfəsi duyulur. O, təbiətə təkcə vurğun deyildi, təbiəti içində yaşadırdı, təbiətin qoynunda olanda sanki dünyaya təzədən gəlirdi. Şair əsərlərində Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri özünəxas şəkildə ifadə edib.Tədbirdə Azərbaycan Yazışılar Birliyinin üzvü, Gəncə Yazıçılar Birliyinin məsləhətçisi , şair, dramaturq Aləmzər Əlizadə, Əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov, Gəncə Dövlət Universitetinin baş müəllimi Yəhya Süleymanov, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev öz çıxışlarında söylədilər ki, Hüseyn Arif təkrarolunmaz sənətkardır. O, aşıq yaradıcılığını, el şairlərimizi, dastanlarımızı, bayatılarımızı demək olar ki, əzbər bilirdi. Yaddaşı xalq yaradıcılığının canlı ensiklopediyası idi. Hüseyn Arifin hər adı çəkiləndə neçə-neçə dillər əzbəri şeiri yada düşür. Xalqımızı, dilimizi varlığımızı əbədiyyətə qovuşdurmuş Hüseyn Arif ədəbiyyatımızda ölümsüzlük qazandı, saz nəfəsli, yaz nəfəsli bir sənətkar ömrü yaşadı. Yaradıcılığı bugün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır; xalqımız, dilimiz yaşadıqca Hüseyn Arifin arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir. Sonra Gəncə Dövlət Universitetinin nəzdində Musiqi kollecinin və 5 nömrəli uşaq musiqi məktəbinin müəllimi, aşıq İlqar Nəcəfoğlu və Gəncədə I Aşıq müsabiqəsinin qalibi, Vətən müharibəsi qazisi Azər Vəliyev şairin aşıq şeirlərini oxudular,sazda səsləndirdilər. Oxucular şairin“Şeir deyilmi?” ,Söylə yadındamı “,“Sən dərsə gəlməyəndə”, “Qayıt uşaqlığım” ,“Sən mənimlə get”, “ Ana “şeirlərini söylədilər.