08.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində uşaqlarda vətənpərvərlik tərbiyəsinin təbliği məqsədilə “Vətən ana deməkdir” adlı söhbət təşkil edildi. Tədbirdə 40 nömrəli məktəbin şagirdləri iştirak etdilər. Şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamlayaraq bildirdi ki, hər bir insanın həyatında vətənin müqəddəs yeri vardır. Doğma yurd yerimiz olan Azərbaycan bizim ana vətənimizdir. Vətən sözünün deyilişi şirin olduğu qədər, hikmətidə yüksəkdir, mənalıdır, dərindir. Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən bizə anamız qədər əzizdir, doğmadır və müqəddəsdir. Ana müqəddəsliyi isə vətən müqəddəsliyi, vətən ucalığıdır. Tədbirdə iştirak edən 40 nömrəli məktəbin müəlliməsi Lalə Həsənova qeyd etdi ki, vətən borcu vətəndaşlıq borcudur. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, vətənlə bağlıdır. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Vətən uğrunda hər cür fədakarlığa hazır olmaq lazımdır. Vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. Tədbirdə şagirdlər Azərbaycan şairlərindən Abbas Səhhətin “ Vətən”, Mirvarid Dilbazinin “Azərbaycanım”,Solmaz Şirinın “Vətən sevgisi”, Hikmət Ziyanın “Anamız Azərbaycan” və s. şeirlərini söylədilər. Sonda şagirdlər kitabxanada II Qarabağ Müharibəsi şəhidlərinə həsr olunmuş “Vətən mənə oğul desə” adlı guşə ilə tanış oldular.