01.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Dünyamızın sevinci” başlığı altında şeir gecəsi keçirtdi. Tədbiri 15 saylı filalın kitabxanaçısı Elnarə Rəcəbova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, 1950-ci ilin iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda iyun ayının 1-ni uşaqların beynəlxalq müdafiəsi gününə həsr etmək qərara alınıb. Bundan sonra 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi doğma yurdumuz Azərbaycanda da bu gün qeyd olunur və ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin müəllimi Səadət Əliyeva da çıxış etdi. Bu gün münasibətilə uşaqları təbrik edib, bütün yer üzündə uşaqların xoşbəxt, bütün insani ehtiyaclarla təmin olunmuş halda və ən başlıcası aydın səma altında yaşamalarını arzu etdi. Sonra tədbirin iştirakçıları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, Vətənə həsr olunmuş şeirlər söylədilər. Müxtəlif ölkələrin bayraqları ilə, sülhün rəmzi sayılan göyərçinlərlə bütün dünya uşaqlarına xoş arzularını ifadə etdilər. Sonda filialın kitabxanaçısı Elnarə Rəcəbova tədbir iştirakçılarına öz minnnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.