28.05.2022
Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190-illiyi ilə əlaqədar "İncə qəlbli, böyük xeyriyyəçi şairə Xurşidbanu Natəvan" başlıqlı tədbir keçirdi. Böyük kitabxanaçı Risalə Həsənova şairənin həyat və yaradıcılığı haqqında məlumat verdi. XIX əsrdə yaşayıb-yaratmış Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olan qadın şairələrindəndir. O, ədəbiyyat və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun qəzəllərində səmimilik, özünün yaşantılarını, həyəcanlarını ifadə etməsi, saf məhəbbətin, sədaqətin tərənnümü, dilin səssizliyi diqqəti ilkin cəlb edən cəhətdir. Şairənin çoxtərəfli istedadı, şairliklə bərabər, gözəl rəsmlər çəkməsi, musiqini, muğamı bilməsi dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirdə iştirak edən Yaradıcılıq Evinin əməkdaşı Kəmalə Nəsibova Xurşidbanu Natəvanın xeyriyyəçiliyindən söz açdı. Onun xeyriyyəçiliyi, doğma yurdunun abadlaşması üçün əlindən gələni əsirgəməməsi, yoxsullara əl tutması, təhsilin inkişafına çoxlu vəsait sərf etməsi onun şöhrətini Cənubi Qafqazda daha geniş miqyasda yaymışdır. O, yollar çəkilməsinə , körpülər salınmasına, məktəb binası tikilməsinə, illik gəlirindən xüsusi fond ayırmış, yeni təsis olunan məktəblərə, şair və sənətkarlara yardım etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdır.
Tədbirin sonunda iştirakçılar tərəfindən şairənin qəzəlləri səsləndi.