28.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar “Şairəm əsrimin ayinəsiyəm!” başlığı altında şeir gecəsi keçirtdi. Tədbiri filialın böyük kitabxanaçısı Səkinə Kərimova apardı. Qeyd etdi ki, Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olmuşdu. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Bütün ruhu, canı, qanı ilə xalqına bağlı olan Sabir özünəməxsus ədəbi irsi ilə milli ədəbiyyatımızı zənginləşdirmişdir. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardı. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi. Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı. Sonra tədbirin iştirakçıları M.Mehdizadə adına 4 saylı tam orta məktəbin VI sinif şagirdləri “Məktəb şərqisi”, “Cütçü”, “Ağacların bəhsi”, “Elmə təğrib” “Qarğa və tülkü”, “Təbib ilə xəstə”, “Qoca bağban”, “Qarınca”, “Molla Nəsrəddinin yorğanı”, “Uşaq və pul”, “İsgəndər və fəqir”, “Azarlı kəndçi”, “Hörümçək və ipək qurdu” kimi görkəmli şairin məşhur şeirlərini səsləndirdilər. Tədbirin sonunda kitabxanaçı məktəblilərə öz minnətdarlığını bildirib tədbiri yekunlaşdırdı.