28.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 27.05.2022- ci il tarixində, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseylə birlikdə 28 May – Respublika Günü münasibəti ilə “Müstəqilliyimiz milli sərvətimizdir” başlığı altında şeir gecəsi təşkil etdi. Tədbirdə ilk olaraq Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Azərbaycanın Dövlət Himni ilə başlayan tədbiri açıq elan edən Uşaq şöbəsinin böyük kitabxanaçısı Aytən Əliyeva qonaqları salamladı və bayram münasibəti ilə hər kəsi təbrik etdi. Bildirdi ki, xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk demokratik respublikası idi.
Tədbirdə iştirak edən Uşaq şöbəsinin müdiri Ellada Rəhimova, M.Mehdizadə adına 4 nömrəli məktəbin müəlliməsi Pərvanə Alıyeva, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aləmzər Əlizadə və Gəncə Maarif Evi İctimai Birliyinin sədri İmamverdi Vəliyev çıxışlarında qeyd etdilər ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Çünki bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında şəhid düşmüş
ata-babalarımızın qanından yoğrulmuşdur. Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 28 May-Respublika Günü hər bir azərbaycanlının qürur duyduğu bir gündür.
Tədbirin bədii hissəsi Gəncə şəhər Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinin şagirdi Tunar Cəfərovun ifasında “Azərbaycan”, “Qarabağ” mahnıları və 4 nömrəli məktəbin şagirdlərinin söylədikləri Azərbaycana, Qarabağa, vətənə, müstəqilliyə, qələbəyə, bayrağa aid şeirlər və rəqslərlə davam etdi.
Sonda MKS-nin direktor əvəzi Fəridə Qədimova bayram münasibəti ilə bütün iştirakçıları təbrik edərək, tədbirin təşkilində zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. Tədbir Zülfiyyə Xanbabayevanın ifasında “Azərbaycan” mahnısı ilə sona çatdı.