Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tariximizin ən şanlı və parlaq səhifəsi” mövzusunda tədbir keçirilib

28.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı 28 May Müstəqillik Günü münasibətilə “Tariximizin ən şanlı və parlaq səhifəsi” mövzusunda tədbir keçirdi. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Tədbirdən əvvəl Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi.

Tədbiri açıq elan edən 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova qeyd etdi ki, 100 ildən artıq bir dövrü əhatə edən 28 May Respublika günü bu il ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Müstəqillik günü kimi qeyd edilir. 28 May Müstəqillik Günü-Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX - əsrin əvvəllərində öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan etdi.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova öz çıxışında bildirdi ki, Şərqdə ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməmizi də zənginləşdirib. Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. Eyni zamanda, Cümhuriyyət tarixinin ən məhsuldar dövrünü Gəncədə yaşandı. Üç ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız Gəncədə ucaldıldı.

Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin Təlim-tərbiyə İşləri üzrə direktor müavini Rasim Alıyev, məktəbin tarix müəllimi Vəfa Hacıyeva çıxış edərək qeyd etdilər ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Azərbaycan Xalq Cumhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı , Azərbaycan vətəndaşlığı təsis edilmiş, milli ordumuz yaradılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi oldu.

Tədbirdə 13№-li məktəbin şagirdləri 28 May Müstəqillik Gününün yaranmasının 104 illiyi ilə əlaqədar bədii kompozisiya ilə çıxış etdilər.

 

69.8 KB

 

70.1 KB

 

160.2 KB