24.05.2022
24.05.2022 -ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 28 May Müstəqillik günü ilə bağlı "Müstəqilliyimiz əbədidir"adlı dəyirmi masa keçirildi.
Tədbiri ilk öncə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı və o, çıxışında bildirdi ki,1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti-müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.Bu azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Sonra söz Mədəniyyət Mərkəzinin metodisti Leyla Vəliyevaya verildi.O, öz çıxışında bildirdi ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Tədbirin davamında söz Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Afərim Verdiyevaya verildi.O, da öz çıxışında söylədi ki, Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.