22.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında II Qarabağ müharibəsi şəhidi Hümbətov Ruslan Səlim oğlunun anadan olması gününə həsr olunmuş “ Vətən fədaisi” adlı şəhid ailəsi ilə görüş keçirildi.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Mursəl İsmayıllı Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir dilədi. 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söylədi.Filialın müdiri Firuzə Yunusova şəhidin şərəfli həyatı və döyüş yolundan danışdı Qeyd etdiki, Vətən müharibəsində Murovdan başlayaraq Qubadlıya qədər bütün döyüşlərdə iştirak edən qəhrəmanımız 6 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 7 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda, "Cəbrayılın azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə, "İgidliyə görə" , Kəlbəcərin azad olunmasına görə" medalları və Qırmızı Bayraq Ordeni ilə təltif olunub. Tədbirdə çıxış edən Əməkdar Mədəniyyət işçisi, şair , publicist Bəxtiyar Muradaov Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğuladı və belə vətənpərvər, mərd, şücaətli övlad böyütdüklərinə görə şəhid ailəsinə təşəkkürünü bildirdi. Sonra Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin baş məsləhətçisi, şair, dramaturq Aləmzər Əlizadə, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Nurəddin Həsənov,Gəncə Dövlət Universitetinin Baş müəllimləri Yəhya Süleymanov, Bəhman Kazımov dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu söylədilər. Şəhidin atası Səlim Hümbətov ,anası Əminə Hümbətova, qohumları Ruslan haqqında xatirələrini danışdılar. Sonra Gəncə Dövlət Universitetinin tələbələri vətənə, qələbəyə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər.Tədbirdə şəhidin valideynləri tədbir iştirakçılarına , tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdilər. Tədbirdə Gəncə Dövlət Universitetinin müəllimləri,tələbələri, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodistləri, Zirvə Kursunun tələbələri, filialın oxucuları iştirak edirdilər.