20.05.2022
20.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində "İnsan alveri-bəşəriyyətin bitib tükənməyən bəlası" başlıqlı tədbir keçirdi. Filialın müdiri Rahilə Qasımova tədbiri açaraq İnsan Alveri haqqında qısa məlumat verdi və qeyd etdi ki, tədbiri keçirməkdə məqsədimiz gəncləri bu mövzuda maarifləndirməkdir.
Tədbirdə Xəzər rayon Qadın Resurs Mərkəzinin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü vəkil Elnarə Eyyubova, GDU-nin rus dili kafedrasının dosenti, Təmas Regional İctimai Birliyinin təsisçisi və rəhbəri Kubra Ələkbərova, 3 saylı peşə liseyinin psixoloqu Səadət Xudatova, 1 saylı peşə məktəbinin Tədris İstehsalat İşləri üzrə direktor müavini Zaur Əliyev çıxış etdilər.
Tədbirdə çıxış edən hüquqşünas Elnarə Eyyubova Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" 16 may 2005-ci il tarixli Varşava Konversiyasında "İnsan alveri" anlayışının təsbit edilməsinin əhəmiyyətini qeyd etdi. Azərbaycan da bu Konversiyaya 11 may 2010-cu ildə qoşulub. Hüquqşünas həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1 maddəsi haqqında da məlumat verdi. Tədbirdə "Azərbaycan Respublikası insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"ndan da söhbət açıldı. Çıxışlarda insanları bu alverin qurbanlarına çevirən əsas səbəblərə toxunuldu. Ən çox qadın, uşaq və gənclərin insan alverinin qurbanı olduğu söylənildi. Kubra Ələkbərova fəaliyyət göstərdiyi qurumda zərər çəkmiş insanlara sığnacaqlarda hər cür yardım göstərildiyini və onların anonimliyi saxlanıldığını qeyd etdi. Həmin mərkəzlərdə zərər çəkmiş insanlara maddi, mənəvi, psixoloji və hüquqi dəstək göstərildiyini də nəzərə çatdırdı. Tədbirdə DİN-i və QHT tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanıldı.
Sonda insan alverinin qurbanlarına aid videoçarx nümayiş etdirildi.
Çıxış edənlər mövzu ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırdı.