20.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Azərbaycan Respublikasında 2022-ci il “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq 20.05.22-ci il tarixində AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun və Camal Mustafayevin “Şuşa-Pənahabad” kitabının təqdimatını keçirtdi. Tədbirdə kitabxananın oxucuları iştirak etdi. Uşaq şöbəsinin kitabxanaçısı Kifayət Sadıqova ilk növbədə oxuculara I və II Qarabağ müharibəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, düşmənin torpaqlarımıza qarşı olan torpaq iddiası nəticəsində Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində erməni millətçiləri tərəfindən öz tarixi torpaqlarından qovulmuş, didərgin salınmışlar və torpaqlarımız 30 il müddətində düşmən işğalı altında qalmışdır. 2020-ci ildə isə vətənimizin qəhrəman oğulları haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrundan canlarını fəda verərək öz tarixi torpaqlarımızı düşməndən azad etdilər və şanlı bayrağımızı Qarabağda dalğalandırdılar. Daha sonra qeyd etdi ki, Şuşa Azərbaycanın qədim tarixə malik olan nadir və təkrarasız incilərindən biri, Azərbaycan xalqı üçün son dərəcə müqəddəs və əziz olan yurd yeridir. Əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşa Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyidir. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Sonra “Şuşa-Pənahabad” kitabını təqdim edərək qeyd etdi ki, 2012-ci ildə “Təhsil” nəşriyyatında 152 səhifədən ibarət olaraq nəşr olunan kitabda Şuşanın tarixi keçmişi, unikal tarixi memarlıq abidələri və görkmli şəxsiyyətləri haqqında məlumatlar yer almışdır. Həmçinin kitabda şəhərin işğaldan əvvəlki və işğaldan sonrakı mənzərəsini əks etdirən fotosənədlər və fotoşəkillərdə yerləşdirilmişdir. Sonda qeyd olundu ki, Qarabağın tarixinə həsr olunmuş kitabları uşaq kitabxanasının fondundan əldə edib oxuya bilərlər.