19.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin 270 illiyi münasibətilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi münasibətilə “Vaqif – şerimizin şah misrasıdır” mövzusunda ədəbi-bədii gecə keçirdi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri və tabeliyində fəaliyyət göstərən müəssisələrinin əməkdaşları, Gəncə şəhər Molla Pənah Vaqif adına 8№-li tam orta məktəbin müəllimləri, şagirdləri və valideynləri iştirak edirdi.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, Şuşa Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də canlıdır. 29 illik həsrətdən sonra Vaqifin nakam ruhu Şuşada, Cıdır düzündə yenidən pərvazlanır.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli çıxış edərək bildirdi ki, Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr “Şuşa ili” çərçivəsində silsilə tədbirləri davam etdirir. Molla Pənah Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyləri keçirilmişdir. Hələ keçən əsrin 70- ci illərində Ümummilli Lider Heydər Əliyev Qarabağa, xüsusilə Şuşaya səfərləri zamanı Molla Pənah Vaqifin Məqbərəsinin yaradılması ilə bağlı göstəriş verib . 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur.
Tədbirin aparıcıları Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında məlumat verdilər.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, alim, şair Bayram Apoyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzangül Hüseynova, şairə Aləmzər Əlizadə, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev çıxış edərək qeyd etdilər ki, Azərbaycanın ədəbiyyat və mədəniyyət salnaməsində adı Şuşa ilə qoşa çəkilən görkəmli şəxsiyyətlərimiz arasında dahi şair və dövlət xadimi Molla Pənah Vaqifin xüsusi yeri var. Vaqif öz ənənələri ilə seçilən xalq şeirində ədəbi məktəb yaratmış ölməz sənətkardır. Molla Pənah Vaqifin dili olduqca sadə, ahəngdardır. Vaqifi çoban da, alim də, qoca da, cavan da yaxşı başa düşür. Bahar səhərlərində günəşin gün işığı nə qədər yaxıcı və parlaqsa,Vaqif şeirinin dili də bir o qədər hərarətli, sadə və aydındır. Vaqif həm dünənin, həm bu günün, həm də sabahın, irəlidə, hələ bizdən sonra gələcək çox-çox əsrlərin şairidir. O, bizim ölməz sələfimiz, ən əsası isə həqiqi xalq şairimizdir. Doğma torpağı ucaldan Vaqifin adı əsrlər boyu yaşayacaqdır.
Gəncə şəhər Molla Pənah Vaqif adına 8 №-li tam orta məktəbin şagirdləri tarix müəllimi Zinyət Süleymanovanın təşkilatçılığı ilə hazırlanan “Qaranlıq dünyaya zinət olan Vaqif ömrü” adlı bədii kompozisiya ilə çıxış etdilər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.