16.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 15.05.2022-ci il tarixdə 15 May Beynəlxalq Ailə Günü münasibəti ilə "Sağlam ailə və sağlam cəmiyyət" başlıqlı oxucu konfransı keçirdi. Konfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq 15 May Beynəlxalq Ailə Gününün yaranması haqqında ətraflı məlumat verdi.
Konfransda Təmas Regional İnkişaf İctimai Birliyinin təsisçisi və rəhbəri Südabə Məmmədova, Gəncə şəhər A. Səhhət adına xəstəxananın "Ailə sağlamlıq mərkəzi"nin şöbə müdiri Tükəzban Məmmədova, GDU-nin psixologiya kafedrasının baş müəllimi İlham Məmmədov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun aparıcı elmi işçisi, dosent Safurə Quliyeva, 2 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin dama bölməsinin məşqiçi müəllimi Gülşən Abdullayeva çıxış etdilər. Konfransda söylənildi ki, ailə bizim milli mentalitetimizin ən müqəddəs anlamıdı. Dünyada ailə günü BMT Baş Assambleyasının qətnaməsinə əsasən 1994-cü ildən qeyd edilir. Azərbaycan bu ənənəyə 2008 -ci ildən qoşulub.
Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Tədbirdə qeyd edildi ki, ailənin əsas sütunlarından biri qadın olduğu üçün ölkəmizdə "Qadın Problemləri üzrə Dövlət Komitəsi", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi yaradıldı. Xüsusən 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimləməsində əsas hüquqi sənət olduğu qeyd edildi. Tədbirdə Azərbaycan ailəsi, ailə-məişət qayğıları, ailə psixologiyası, ailədə uşaqların tərbiyəsi haqqında maarifləndirici məlumat verildi. Tükəzban həkim yeni ailə quranların həkim müayinəsindən keçməsinin önəmli olduğunu xüsusi ilə vurğuladı. Çıxış edənlər az təminatlı ailələrə və xəstə uşaqlara göstərilən dövlət qayğısından danışdılar. Yeni yaranan ailələrdə problemləri yaradan səbəblərə toxundular. Tədbir iştirakçıları qurulan hər bir yeni ailəyə uzun ömür, dözümlük, səbr, anlaşım, sədaqət, ülvü məhəbbət arzuladılar. Sonda ailə haqqında videoçarx nümayiş etdirildi.