13.05.2022
13.04.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialı Şuşa ili ilə bağlı "Şuşa Qarabağın döyünən ürəyi"başlığı altında dəyirmi masa keçirdi.Tədbirdə Sərkar kənd Folklor evi kollektivi,Sərkar kənd Musiqi məktəbinin müəllimi Fuad Ramazanov və Sərkar kənd tam orta məktəbin şagirdləri iştirak edirdi.Tədbiri kitabxanaçı Sahilə Hümbətova açaraq Şuşa haqqında qısa məlumat verdi.Şuşa Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşir. Azərbaycanın mədəniyyət paytaxtı, inzibati mərkəzlərindən biridir.Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Məhz buna görə də Şuşa adı ilə yanaşı bu şəhərə Pənahabad da deyirdilər. Təbiətinin gözəlliyi ilə hər kəsi heyran edən Şuşa alınmaz qala idi. Burada 17 məhəllə vardı. Bunlar: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələri idi.Sonra Folklor evinin müdiri Göyçək Əsgərova Şuşanın mədəniyyətindən söhbət açaraq bildirdi ki, Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Musiqi məktəbinin muğam müəllimi Fuad Ramazanov musiqinin beşiyi Şuşanın incəsənət xadimlərindən söz açaraq bildirdi ki,XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunur.1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət göstərməyə başlayır. Sonda Sərkar kənd orta məktəbin şagirdləri Şuşaya aid şeirlər səsləndirdilər.