Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«Ulu Öndər Heydər Əliyev - tarix yaradan şəxsiyyət» mövzusunda tədbir keçirilib

10.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar «Ulu Öndər Heydər Əliyev - tarix yaradan şəxsiyyət» mövzusunda tədbir keçirdi. Tədbirdə Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 3 d sinif şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Tarixə xalqımızın ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan ölkəmiz üçün çox vacib olan bir sərvət—azərbaycançılıq ideologiyasını yaratmışdır.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva və bələdçisi Sevinc Bədəlova öz çıxışlarında bildirdilər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına böyük diqqət verirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.

Sonra şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 №-li kitabxana filialının hazırladığı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş olundu.