09.05.2022
07.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi "Qürur yerimiz" kitabının təqdimatı keçirildi. Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhidlərin ailə üzvləri, yaxınları, Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin, 21 nömrəli pilot tam orta məktəbin və İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin müəllim və şagirdləri iştirak etdilər.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova tədbiri açıq elan edərək, sözü millət vəkili Pərvin Kərimzadəyə verdi.
Millət vəkili Pərvin Kərimzadə bildirib ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Şəhidlik ucalığına yüksələnlərin şərəfli ömür yolu hər kəs üçün örnəkdir. Şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq – Vətən uğrunda canlarını qurban veriblər. Şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Pərvin Kərimzadə şəhidlərə həsr olunmuş kitabların önəmindən danışaraq gənc şairənin könüllü fəaliyyətini təbrik edərək, yaradıcılıq uğurları arzuladıqdan sonra tədbir Esmira Günəşin çıxışı ilə davam etdi. Esmira Günəş şəhidlərə həsr etdiyi kitablar haqqında ətraflı məlumat verərək, tədbirə gələn qonaqlara təşəkkürünü bildirib. Tədbirdə kitabın videoçarxı nümayiş olundu.
Daha sonra Gəncə Regional AYB-nin üzvü şair Saleh Qurbanov çıxış edərək Esmira Günəşin şəhidlərimizin tanıdılmasındakı fəaliyyətindən danışıb.
Tədbir şəhid ailələrinin çıxışları və şagirdlərin səsləndirdiyi şeirlərlə davam edib. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda şairə Esmira Günəş kitablarını imzalayaraq şəhid ailələrinə təqdim edib və xatirə şəkilləri ilə tədbir yekunlaşıb.