07.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 07.05.2022-ci il tarixində Böyük Vətən Müharibəsində qələbənin 77-ci il dönümü münasibəti ilə “Qəhrəmanlıq və iftixar tariximiz” başlığı altında söhbət təşkil olundu. Tədbirdə K.D.Uşinski adına 29№-li məktəbin bir qrup müəllimləri və IV sinif şagirdləri iştirak etdilər. Tədbiri şöbənin müdiri Ellada Rəhimova apararaq qeyd etdi ki, XX əsrdə baş verən II Dünya Müharibəsi illəri bəşəriyyət üçün ən ağır ve dəhşətli dövr olmuşdur. Dörd il davam edən və keçmiş Sovet İttifaqının qələbəsi ilə nəticələnən bu müharibədə Azərbaycan xalqının istər ön, istərsəsdə arxa cəbhədə böyük töhfəsi və rolu olmuşdur. Şanlı qələbənin əldə olunmasında Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibənin qələbə ilə sona çatmasında Bakı neftinin isə xüsusi rolu olmuşdur. Tədbirdə iştirak edən 29№-li məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və müəllimə Bağırova Gülnar çıxış edərək bildirdilər ki, müharibənin qələbə ilə başa çatması həmdə faşizmin süqutu oldu. Bütün dünyada olduğu kimi, Azərbaycanda da 9 may – faşizm üzərində qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heçdə asan başa gəlmədi. Yüzlərlə, minlərlə həmvətənimiz, Azərbaycanın mərd övladları bu qələbə naminə canlarından-qanlarından keçdiər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşdular. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladları heç vaxt yaddaşlardan silinməyəcək və onların qəhrəmanlığı, şücaəti isə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır. Tədbirdə məktəblilər Böyük Vətən Müharibəsinə və qələbəyə həsr olunmuş şeirlər söylədilər. Tədbirdən sonra Sovet İttifaqı Qəhrəmanı İsrafl Məmmədovun ev-muzeyi ziyarət olundu. Muzeyin bələdçisi Aynur Babayeva şagirdləri muzeydə yerləşən eksponatlarla, qəhrəmanın şəxsi əşyaları, foto şəkilləri ilə, ev muzeyinə verilən hədiyyələrlə və eləcədə II Dünya Müharibəsində iştirak etmiş bir çox azərbaycanlı döyüşçülərində foto şəkilləri ilə tanış etdi. Sonda tədbirin təşkili üçün K.D.Uşinski adına 29№-li məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya təşəkkür olundu.