06.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində Nəriman Nərimanov adına 25№-li orta məktəblə birlikdə Azərbycan ədəbiyyatının istedadlı şairi, repressiya qurbanı olan Əhməd Cavadın 130 illiyi ilə əlaqədar olaraq “Milli azadlıq və istiqlaliyyət şairi-Əhməd Cavad” adlı şeir gecəsi keçirildi. Tədbir sözləri Əhməd Cavadın, musiqisi Uzeyir Hacıbəyova məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şeir gecəsini şöbənin müdiri Ellada Rəhimova açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, Əhməd Cavad yazdığı şeirləri ilə hər kəsin qəlbində əbədi heykəl ucaldaraq, yaşadığı torpağına,vətəninə, millətinin müstəqilliyi uğrunda mübarizəyə qırılmaz tellərlə bağlı olmuşdur. Ömrünün 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlayaraq, hər zaman xalqının maariflənməsinə çalışmışdır. Tədbirdə iştirak edən 25№-li orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Sevınc Əsgərova, ədəbiyyat müəlliməsi Nigar Əsədova və dərnək rəhbəri Rüqsarə Bayramova Əhməd Cavad yaradıcılığından söhbət açaraq qeyd etdilər ki, şair ibtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz, on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Əhməd Cavad istedadlı şair olmaqla yanaşı, həmdə publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq, Azərbaycan Demokratik Cumhuriyyətinin baş ideoloqlarından biri olmuşdur. Əhməd Cavadın hüquqları daim pozulmuş və onun orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. Tədbirdə iştirak edən məktəbin VII sinif şagirdləri şairin “Çırpınırdı Qara dəniz”, Göy-göl”, “Azərbaycan bayrağına” və s.əsərlərindən parçalar ifa etdilər. Sonda tədbirin təşklində 25№-li orta məktəbin rəhbərliyinə təşəkkür olundu.