Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalına start verilib

27.04.2018

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu gün Gəncə Dövlət Filarmoniyasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalına start verilib.

Bu gündən başlayan və aprelin 30-dək davam edəcək “Zəriflik” Beynəlxalq Musiqi Festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivalda iştirak edən Ukraniya təmsilçisi Olga Naqornaya Nizami yurdunda ilk dəfə olduğunu deyib. Gəncə Dövlət Filarmoniyasının möhtəşəmliyindən danışan musiqiçi Festivalın Gəncədə təşkil olunması sakinlər üçün böyük hədiyyə olduğunu qeyd edib. Olga Naqornaya Gəncənin qonaqpərvər olmasını xüsusi vurğulayaraq Festivalda iştirak etdiyi üçün sevincli olduğunu bildirib.

Festivalın bədii rəhbəri SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Festival münasibəti ilə Gəncə şəhər sakinlərini təbrik edib. Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş Festivalın mütamadi olaraq təşkil olunacağını deyən Fərhad Bədəlbəyli Gəncə Dövlət Filarmoniyasında məhz belə möhtəşəm təşbirlərin keçirilməsi üçün mükəmməl məkan olduğunu xüsusi vurğulayıb.

Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov Gəncədə təşkil olunan Festivalın əhəmiyyətindən danışıb. Gəncə Dövlət Filarmoniyasında bu cür tədbirlərin mütəmadi olaraq keçiriləcəyini deyən Samir Cəfərov şəhər sakinlərini “Zəriflik” Beynəlxalq Musiqi Festivalının sabah keçirəcək açılış konsertinə dəvət edib.

Bu gün Festival çərçivəsində keçirilən kamera konsertində Fərhad Bədəlbəyli (piano), Dmitri Yablonski (violonçel, ABŞ), Olga Naqornaya (soprano, Ukrayna), Anastasiya Barun (soprano, Rusiya), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Murad Adıgözəlzadə (piano), Şükür Səmədov (klarnet), Səbinə Əsədova (mezzo-soprano), Fəridə Məmmədova (soprano), Fəridə Rüstəmova (violin), İlahə Sadıxzadə (piano) çıxış ediblər.

Bildirək ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.