05.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalı və 16 saylı kitabxana filialı Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük istiqlal şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar “Cumhuriyyət nəğməkarı Əhməd Cavad” mövzusunda ədəbi-bədii gecə keçirdi.
Tədbirdə şairin nəvəsi Süleyman Axundazadə və onun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, Gəncə Dövlət Üniversitetinin tələbələri, Gəncə şəhər 32№ - li orta məktəbin müəllim və şagirdləri, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi iştirak edirdi.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir Azərbaycan Respublikasini Dövlət Himni ilə başladı.
Tədbiri açıq elan edən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova iştirakçıları salamladı və qeyd etdi ki, bu günkü tədbirimiz möhtəşəm himnimiz səslənəndə, məğrur duruşuyla misralar arasında canlanan, uca zirvələrdə Zəfərlə dalğalanan və bu dalğalar arasında qürurlu silueti görünən böyük istiqlal şairimiz Əhməd Cavadın 130 illiynə həsr olunmuşdur.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək bildirdi ki, Əhməd Cavad adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-ixtiyari olaraq səslənir. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur.
Azərbaycanın İstiqlal şairi Əhməd Cavadın nəvəsi Süleyman Axundzadə və kötücəsi Nərgiz Əhmədqızı şair haqqında, onun həyat yoldaşı Şükriyyə xanım haqqında valideynlərindən və qohumlarından eşitdikləri xatirələrini danışdılar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi”, Gəncə Dövlət Universitetinin Pedaqoji fakultəsinin dekanı Bayram Apoyev “Əhməd Cavad yaradıcılığında vətənpərvərlik”, yazıçı, dramaturq, publisist və ictimai xadim Nüşabə Məmmədli “Əhməd Cavadın məşəqqətli həyatı və xeyriyyəçilik işləri”, şair, dramaturq, ədəbiyyatşünas alim Sahib İbrahimli “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü”, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov “Əhməd Cavad yaradıcılığında Gəncə ilə bağlı şeirləri”, Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin baş məsləhətçisi Aləmzər Əlizadə “Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım” mövzusunda çıxışlar etdilər. Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev Əhməd Cavadın şeirlərini söylədi.
Tədbirdə Gəncə Dövlət Üniversitetinin tələbələri, Gəncə şəhər 32№ - li orta məktəbin şagirdləri Əhməd Cavadın şeirlərində ibarət kompozisiya ilə çıxış etdilər.
Tədbir boyu Gəncə Dövlət Filarmoniyasının solistləri Rövşən Quliyev və Zəminə Nuriyeva Əhməd Cavadın şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər.
Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər.