30.04.2022
30 aprel 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə, Filarmoniyanın solisti, istedadlı skripka ifaçısı Pərvanə Mustafayevanın uzunmüddətli və səmərəli fəaliyyətinə həsr olunmuş “Baharımsan” adlı solo konserti keçirilib.
Konsertin aparıcısı Gəncə Dövlət Dram Teatrının teatr tənqidçisi, teatrşünas Anar Bürcəliyev bütün iştirakçıları salamladı.
Sonra o, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Konsertin aparıcısı minnətdarlıq hissi ilə bildirdi ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü ilə Gəncədə mədəniyyət sahəsində çalışan mədəniyyət, incəsənət işçilərinin solo konsertlərinin, yaradıcılıq gecələrinin keçirilməsi artıq ənənə şəklini almışdır.
Sonra Pərvanə Mustafayevanın həyatı və səmərəli iş fəaliyyəti barədə qısa məlumat verildi və qeyd olundu ki, Pərvanə Mustafayeva həyatının bütün yaradıcılıq uğurlarının faktları arxasında böyük varlığı ilə sənətə bağlanmış, hərtərəfli, geniş səviyyəli skripka ifaçısı kimi tanınmışdır.
Musiqini, skripka müəllimliyini ən əziz doğma sənət kimi bütün varlığı ilə sevən Pərvanə Mustafayeva alqış sədaları altında səhnəyə gələrək “Baharımsan” adlı solo konsertini təqdim etdi.
Konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Tofiq Quliyevin, Qara Qarayevin, Emin Sabitoğlunun, Mayestro Niyazinin əsərləri ilə yanaşı xarici ölkə bəstəkarlarından Paqaninin, Vivaldinin, Raxmaninovun və s. əsərləri Pərvanə Mustafayevanın tələbələrindən ibarət orkestr tərəfindən təqdim edildi.
“Baharımsan” adlı solo konsertdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Gəncə Qönçələri” rəqs ansamblı, Filarmoniyanın “Xəmsə” uşaq rəqs ansamblı, Gəncə şəhər 3 nömrəli Uşaq bağçasının körpələri, Gəncə şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərindən ibarət skripka heyəti, həmçinin Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin 3-cü kurs tələbəsi Elmir Qarayev, 4-cü kurs tələbəsi İlqar Bədəlov, Azərbaycan Milli Konservatoriyanın 3-cü kurs tələbəsi, Ali Baş Komandan mükafatçısı, respublika müsabiqələrinin laureatı Elvin Nağıyev, eləcə də bədii gimnastika qrupu, fortepiano müşayiətçiləri Mürsəl Əsgərzadə, Mehriban Tağıyeva, Günay Hüseynova və başqaları öz ifalarına görə sürəkli alqışlarla qarşılandılar.
Konsertin sonunda Pərvanə Mustafayeva bu konsertin keçirilməsinə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, bu sənətin sirlərini ona öyrədən müəllimlərə, bütün təşkilatçı və iştirakçılara öz səmimi minnətdarlığı bildirdi.
“Baharımsan” adlı solo konsert musiqisi Kamala aid olan “Azərbaycan” mahnısı ilə başa çatdı.