29.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar «Heydər Əliyev və Azərbaycan» mövzusunda tədbir keçirdi.
Tədbirdə Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdən əvvəl şagirdlər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Mərkəzin əməkdaşı şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi.
Tədbiri giriş sözü ilə açan mərkəzin elmi işçisi Gülər Ellazova qeyd etdi ki, hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli Lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur.
Mərkəzin bələdçisi Sevinc Bədəlova və məktəbin müəllimi Nəzakət Əhmədova öz çıxışlarında bildirdilər ki, Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də ulu öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir.
Sonra şagirdlər Vətənə və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Sonda Ulu Öndər Heydər Əliyev haqqında video-çarx və Vaqif Mustafayevin müəllifi olduğu «Heydər Əliyev. Lider» filmi nümayiş olundu.